www.flymood.az
www.flymood.az
Daha fazlası

Baqajınızı hazırlayarkən diqqət edin

Umumi Baqaj Qaydaları

 

Əgər Aviaşirkət bu Qaydalarda müəyyən edilmiş "baqaj" anlayışına uyğun olmayan hər hansı əşyanı baqaj kimi qəbul edərsə, həmin əşyaların daşınması da bu Qaydaların müddəalarına uyğun həyata keçiriləcəkdir.

1 Baqaj qismində daşımaya qəbul edilməyən əşyalar

1.1 Sərnişinə aşağıdakı əşyaları baqaja daxil etmək qadağan olunur:

Daşıma zamanı sərnişinlərin sağlamlığı, uçuşun təhlükəsizliyi, Aviaşirkətin və ya digər Sərnişinlərin mülkiyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə törədən mallar, əşyalar, maye və digər maddələr, habelə:

  • partlayıcı maddələr və hərbi sursatlar, bu Qaydaların 16.15 yarımbəndində göstərilən hallardan başqa;
  • fişənglər, siqnal raketləri, benqal alovları;
  • qazlar (yanğın təhlükəsi yaradan, alovlanmayan, soyudulmuş və zəhərli), bu Qaydaların 16.16.1 bəndində nəzərdə tutulan hallardan başqa;
  • aerozollar (məhdud miqdarda daşınmasına icazə verilmiş gigiyena ləvazimatlarından başqa);
  • Hava gəmisinə, sərnişinlərə və digər baqaj və yüklərə zərər verə biləcək, daşınma üçün düzgün qablaşdırılmamış tərkibində maye olan baqajlar (bütün maye tərkibli qidalar (cem, mürəbbə, bal, süd məhsuları, tomat və s.), maye boyalar, yağlar, tərkibində yağ və yanacaq olan avadanlıqlar, dondurulmuş ət, canlı heyvanlar)
  • Litium-ion batareyalarla təchiz olunmuş portativ nəqliyyat vasitələrinin (Skuter, seqvey, hər növ giroskuterlər) sərnişin salonunda əl yükü kimi və ya qeydiyyatdan keçmiş baqaj kimi daşınması qadağandır.
  • Tez alışan mayelər (benzin, laklar, rənglər, suda həll olunanlardan başqa, həlledicilər, alışqanı doldurmaq üçün mayelər);
  • benzinlə işləyən alətlər, benzin mişarları və otbiçənlər də daxil olmaqla;
  • oksidləşdirici, korroziya törədən aşındırıcı maddələr və materiallar, o cümlədən ağardıcı əhəng, akkumulyator batareyaları (xəstələrin daşınması üçün kürsü-xərəklərdə olan batareyalar, CD-pleyer, radio üçün kiçik batareyalar və s. istisna olmaqla), civə barometrləri;
  • zəhərli, zərərli və ya qıcıqlandırıcı maddələr və yoluxucu materiallar;
  • radioaktiv materiallar, müalicə nəticəsi kimi insan bədəninə yeridilmiş litium batareyalarından qidalanan ürək əzələlərinin radioizotop stimulyatorları və ya digər qurğulardan başqa;
  • maqnitlər və maqnit tərkibli əşyalar;
  • İCAO, Doc 9284/905 sənədinə - "Təhlükəli yüklərin hava ilə təhlükəsiz daşınması üzrə texniki təlimat" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 220 nömrəli 13.12.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları"na əsasən sərnişin hava gəmilərində daşınması qadağan olunmuş digər əşyalar və maddələr;
  • ərazisinə, ərazisindən və ya ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi istənilən ölkənin qüvvədə olan qanunları və/ və ya qanunvericilik aktları ilə daşınması qadağan olunan mallar və əşyalar;
  • xarakterinə, çəkisinə, ölçüsünə, formasına və ya qoxusuna görə daşınmaya yararlı olmayan mallar;

1.2 döyüş təchizatı, odlu və soyuq silah, o cümlədən qədim odlu və soyuq silahlar, kəsici və deşici əşyalar bu Qaydaların 16.17-cü bəndlərinə müvafiq olaraq daşımaya qəbul olunur.

1.3 ABŞ istiqamətində uçuşlarda səyahət edən sərnişinlərə əl yükündə və ya öz üzərlərində turbo alışqanların (torch lighters) daşınmasına icazə verilmir.

1.4 Sərnişinlərin baqajlarında (təhvil verilən baqaj və əl yükü) daşınması ciddi şəkildə qadağan edilən əşyalar

  • Partlayıcı maddələr, həmçinin detanatorlar, qoruyucular, qumbaralar, minalar və partlayıcılar
  • Qazlar: propan, butan
  • Tezalışan mayelər, həmçinin qazolin, metanol
  • Tezalışan bərk maddələr və reaktiv maddələr, həmçinin maqnezium, tezalışan maddələr, fişənglər, məşəllər
  • Alışqanlar, elektron siqaretlər
  • Oksidləşdiricilər və üzvi peroksidlər, həmçinin ağardıcılar və maşın təmiri dəstləri
  • Toksik və ya infeksiya maddələri, həmçinin siçovul zəhəri, yoluxmuş qan
  • Radioaktiv materiallar, həmçinin dərman və kommersiya izotopları
  • Korroziya törədən aşındırıcı maddələr, həmçinin nüvə və avtomobil akkumulyatoru
  • Yanacaq tərkibli avtomobil yanacaq sisteminin komponentleri

Əgər hansı əşyaların özünüzlə götürə biləcəyinizdən əmin deyilsinizsə, bizimlə əlaqə saxlaya və ya qeydiyyat masasına yaxınlaşıb soruşa bilərsiniz.

1.5 Salonda daşınması qəti surətdə qadağan edilmiş, lakin baqajda keçirilməsinə icazə verilən əşyalar:

1.5.1 Tapançalar, odlu və soyuq silahlar

Atəş açmaq funksiyasına malik olan və ya xəsarət yetirən hər hansı əşya, o cümlədən:

  • Bütün növ silahlar (tapança, revolver, tüfəng, ov silahı və s.)- saxta silahlar
  • Odlu silahların hissələri (teleskopik nişan istisna olmaqla)
  • Pnevmatik tapança, tüfəng və yivli lüləli silahlar
  • Siqnal tapançaları
  • Start tapançaları
  • Bütün növ oyuncaq tapançalar
  • Diyircəkli tapançalar
  • Sənayedə istifadə edilən bərkidici və mismar tapançalar
  • Qundaqlı yay-ox
  • Sapand
  • Harpun və sualtı ov üçün silah
  • Heyvanların ağrısız ölümü üçün istifadə edilən silahlar
  • Elektroşok və ya sinir iflicedici cihazlar, məsələn: elektroşok cihazı, elektrik ötürücü silah (Taser)
  • Odlu silah formasında alışqanlar

1.5.2 Batıcı/kəsici silahlar və iti alətlər

Xəsarət yetirə bilən batıcı və ya kəsici alətlər, o cümlədən:

  • Baltalar və baltacıqlar
  • Oxlar və mizraqlar
  • Dağa dırmaşmaq üçün qarmaq
  • Harpunlar və nizələr
  • Buz baltaları
  • Buzda sürüşmək üçün xizək
  • İstənilən uzunluqda ülgüclü yığılan və açılan bıçaqlar
  • Metal və ya istənilən uzunluqda ülgüclü potensial silah kimi istifadə edilə biləcək hər hansı kifayət qədər möhkəm materialdan olan bıçaqlar
  • Çapacaq
  • Maçete
  • Üz qırxan alətlər və ülgüclər (təhlükəsiz və ya ülgücləri bağlı qablaşdırmada olan üz qırxanlar istisna olmaqla)
  • Qılınclar və xəncərlər
  • Cərrah bıçaqları
  • Qayçılar
  • Xizək və xizək çubuqları
  • İtibucaqlı ulduz formalı kəsici predmet
  • Batıcı və ya kəsici silah kimi istifadə edilə biləcək peşə alətləri, məsələn: drellər və burğular, dəftərxana bıçağı, universal bıçaqlar, bütün mişarlar, vintaçanlar, linglər, çəkiclər, kəlbətinlər, açarlar/tənzimləyici açarlar, lehim lampalar).

1.5.3 Küt alətlər

Xəsarət yetirə biləcək hər hansı küt alət, o cümlədən:

  • Beysbol və softbol toxmaqları
  • Möhkəm və ya elastik dəyənəklər və ya çubuqlar - məsələn: polis dəyənəyi, işıqlı polis dəyənəkləri və çubuqlar
  • Kriket dəyənəkləri
  • Qolf çubuqları
  • Xokkey çubuqları
  • Yürüş çubuqları
  • Kayak və kanoe avarları
  • Skeytbordlar, qiroskuterlər
  • Bilyard oyunu növləri üçün kiylər (çubuqlar)
  • Tilovlar
  • Döyüş sənəti vasitələri, məsələn: kastet, dəyənək, ağır qurğuşun dəyənək, zəncirlər, nunçaklar, kubatonlar, kubasauntlar).

1.5.4 Partlayıcı və alovlanan maddələr

Sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığına və yaxud hava gəmisinin və ya mülkiyyətin təhlükəsizliyinə təhlükəyə yaradacaq hər hansı partlayıcı və yüksək alovlanan maddələr, o cümlədən:

  • Döyüş sürsatları
  • Pistonlar
  • Detonatorlar və qoruyucular
  • Partlayıcılar və partlayıcı qurğular
  • Saxta partlayıcı materiallar və ya qurğular
  • Minalar və digər partlayıcı hərbi ehtiyatlar
  • Bütün növ qumbaralar
  • Qaz və istənilən həcmdə qaz balonları, məsələn: butan, propan, asetilen, oksigen)
  • İstənilən formada fişənglər, məşəllər və digər pirotexnika məmulatları (o cümlədən, konfetti)
  • Seskvisulfid kibritlər (istənilən səthə toxundurmaqla alışır)
  • Tüstü verici şaşkalar
  • Alışan maye yanacaqlar, məsələn: yanacaq/ benzin, dizel, alışqanları doldurmaq üçün maye, alkaqol, spirt)
  • Püskürtücü boya
  • Terpentin yağı və boya həlledicisi
  • Həcm üzrə tərkibində spirt 70%-dən çox olan spirtli içkilər

1.5.5 Kimyəvi və zəhərli maddələr

Sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığına və yaxud hava gəmisinin və ya mülkiyyətin təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı kimyəvi və ya zəhərli maddələr, o cümlədən:

  • Turşu və qələvilər - məsələn: akkumulyator batareyaları
  • Korroziya törədən aşındırıcı və ya ağardıcı maddələr - məsələn: civə, xlor
  • Sinir iflicedici və ya hərəkət fəaliyyətini məhdudlaşdıran püskürtücülər - məsələn: "Meys" qazı, bibər qazı, göz yaşardıcı qaz
  • Radioaktiv materiallar - məsələn: tibbi və ya kommersiya izotopları
  • Zəhərlər
  • Yoluxucu və ya bioloji təhlükəli materiallar - məsələn: yoluxmuş qan, bakteriya və viruslar
  • Öz-özünə alışan materiallar və maddələr
  • Yanğın söndürən

Diqqət!
Təhlükəli əşyaların hava gəmisinə keçirilməsi qeyri-qanunidir və qaydaları pozan şəxslər cəzalandırıla və cərimələnə bilərlər.

2 Baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ

2.1 Aşağıda göstərilən hallarda sizin baqajınız daşınmaya qəbul olumayacaqdır.

  • Baqajınız hava gəmisinə, sərnişinlərə və ya digər baqaj və yüklərə zərər verə biləcəyi halda,
  • Baqajınızın qablaşdırılması nizamlı və təhlükəsiz daşınmaya imkan vermədiyi halda,
  • Yoladüşmə, təyinat və ya tranzit ölkələrin qanunlarına və qaydalarına əsasən baqajınızın tərkibində daşınması qadağan olunmuş maddələr və ya əşyalar olduğu halda,
  • Normadan artıq baqajın daşınması ilə əlaqədar Aviaşirkətin müəyyən etdiyi tariflər və rüsumlar ödənilmədiyi halda,
  • Baqajınızın ölçüləri aviaşirkətin müəyyən etdiyi ölçulərdən artıq olduğu halda,
  • Baqajınızın çəkisi 32 kq-dan artıq olduğu halda,
  • Baqajınızda daşınması qadağan olunmuş təhlükəli əşya və ya maddələr olduğu halda.
  • Baqajda bu bölmənin 16.1 bəndində göstərilmiş əşyalar olduqda, Aviaşirkət müvafiq sənədlər əsasında bu əşyaların tərkibində daşınmasına icazə verilməyən hər hansı materialların və ya əşyaların olduğu qənaətinə gəldikdən sonra;

2.2 Aviaşirkət baqaj qismində daşımaya qəbul edilməsindən imtina etdiyi malları və ya əşyaları öz nəzarəti altına götürməyə borclu deyil və onlara görə məsuliyyət daşımır.

3 Sərnişinlərin və baqajın yoxlanılması hüququ

3.1 Uçuşların təhlükəsizliyinin təmin edilməsi və bu bölmənin 16.1 bəndində göstərilən əşyaların aşkar edilməsi üçün Aviaşirkət Sərnişinlərdən Aviaşirkətin, hava limanının xidmətləri və digər səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən şəxsi yoxlamadan keçməyi tələb etmək, habelə yoxlamaq üçün baqajını təqdim etmək, Sərnişinin və ya onun baqajının rentgen və ya digər yoxlamasını keçirmək, habelə Sərnişin olmadığı halda onun baqajını yoxlamaq və ya yoxlanılmasını təşkil etmək hüququna malikdir. Əgər Sərnişin bu tələbi yerinə yetirmək istəmirsə, Aviaşirkət Sərnişinin (baqajın) daşınmasından imtina edə bilər. Aviaşirkət rentgen və ya digər üsulla yoxlama zamanı Sərnişinə və ya onun baqajına dəymiş ziyan üçün məsuliyyət daşımır, Aviaşirkətin səhlənkarlığı üzündən dəymiş ziyan istisna təşkil edir.

16.3.2 Uçuşda olan hava gəmisində (yükləndikdən sonra hava gəmisinin qapılarının bağlandığı andan boşaltma üçün hər hansı qapıların açıldığı anadək) əl yükünün və Sərnişinin özünün yoxlanılması Sərnişinin razı olub-olmamasından asılı olmayaraq, hava gəmisi komandirinin qərarı ilə həyata keçirilə bilər.

4 Qeydiyyata alınmış baqaj

4.1 Aviaşirkətin uçuşlarında qeydiyyata alınan baqajın pulsuz daşınma norması aviabiletin təxsisetmə sinifindən asılı olaraq dəyişir. Daşınma norması aviabiletdə qeyd edilir.

4.2 Sərnişin özü ilə apardığı bütün əşyaları çəkisinin müəyyən edilməsi və ölçülməsi üçün təqdim etməlidir.

4.3 Sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq Aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və Sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir.

4.4 Baqajın təhlükəsiz daşınması və mexaniki vasitələrdən istifadə etməklə emal olunmasını təmin edən qıfıllı çamadanlara və ya digər müvafiq konteynerlərə yığılmadığı halda Aviaşirkət həmin baqajın qeydiyyatdan keçmiş baqaj kimi qəbul olunmasından imtina etmək hüququna malikdir.

4.5 Aviaşirkət qeydiyyatdan keçmiş baqajın Sərnişinin daşındığı hava gəmisində daşınması üçün tədbirlər görməli və əgər tətbiq olunan qanunlar baqajın rəsmiləşdirilməsi üzrə gömrük prosedurlarında Sərnişinin iştirakını tələb edirsə, bunu təmin etməlidir. Əgər qeydiyyatdan keçmiş baqaj digər hava gəmisində daşınırsa, Aviaşirkət baqajın təyin olunan yerdə Sərnişinə qısa müddətdə çatdırılması üçün bütün tədbirləri görməlidir.

4.6 Baqajın qorunmasını təmin etmək üçün Aviaşirkət aşağıdakıları tövsiyə edir:

  • Səyahət üçün etibarlı qıfılları olan keyfiyyətli çamadanlardan istifadə edilməlidir;
  • Parçadan olan çamadanlardan və ya çantalardan istifadə olunarkən, kənar şəxslərin baqajı aça bilməməsi məqsədilə zəncirbəndi bağlamaq üçün asma qıfıllardan istifadə olunmalı, baqaj kəmər və ya iplərlə sarınmalıdır;
  • Hər uçuşdan sonra köhnə birkalar çıxarılmalıdır;
  • Baqajın xarici tərəfində üzərində ad qeyd olunmuş birkalardan istifadə olunmalıdır;
  • Baqajı tez tapmaq üçün ona lent bağlanılmalı və ya digər fərdi nişan qoyulmalıdır.

4.7 Aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür:

  • Tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar;
  • Pullar;
  • Açarlar;
  • Zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar;
  • Təbii xəz və ya dəri;
  • Elektron avadanlıq;
  • Kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar;
  • Audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar;
  • Eynəklər, binokllar və digər optik cihazlar;
  • Texniki, tibbi və digər sənədlər;
  • Işgüzar və şəxsi sənədlər;
  • Qiymətli kağızlar və əşyalar;
  • Istehsal avadanlığı və nümunələr/ şablonlar;
  • Video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları;
  • Tibb preparatları, avadanlıqlar;
  • Fotoşəkillər, əntiq mallar;
  • Əvəz edilməsi mümkün olmayan əşyalar;
  • Mayelər, ətriyyat, alkoqollu içkilər;
  • Alətlər.

4.8 Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır.

4.9 Qeydiyyata alınmış baqaj hava gəmisinin bortuna yükləndiyi andan təyinat /transfer məntəqəsində təhvil verilənədək Sərnişinin həmin baqaja toxunmasına icazə verilmir.

16.4.10 Bir baqaj yerinin çəkisi 32 kq-dan artıq olmamalıdır. Kütləsi böyük olan baqaj yeri

Aviaşirkətin hava daşımaları qaydalarına müvafiq olaraq daşınmaya yalnız yük kimi qəbul olunur.

5 Əl-yükü (qeydiyyata alınmamış baqaj)

5.1 Əl-yükü (qeydiyyata alınmamış baqaj) - Sərnişin tərəfindən hava gəmisinin salonunda daşınan 1 yer 10 kq və ölçüləri cəmi 110 sm-dən (55x35x20sm) artıq olmayan baqajdır.

5.2 Əl-yükünün çəkisi baqajın pulsuz daşınma normasına daxil deyil.

5.3 Aviabiletin dəyərinə əl-yükünün pulsuz daşınması daxil deyil. Aviaşirkətin uçuşlarında əl-yükünün pulsuz daşınma norması müəyyən edilməmişdir. Əl yükünün daşınması üçün müvafiq ödəniş edilməlidir.

5.4 Kommersiya maraqlarını nəzərə alaraq, Aviaşirkət bəzi reyslərdə qeydiyyata alınmamış baqajın yuxarıda qeyd olunan normalarında dəyişikliklər etmək hüququna malikdir. Müvəqqəti qüvvədə olan normalar Aviaşirkətin yazılı sərəncamları və ya əmrləri ilə qüvvəyə minir və ləğv edilir.

5.5 Müəyyən istiqamətdə daşınmasına icazə verilən əl yükünün çəkisi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:

  • Aviaşirkətin rəsmi veb səhifəsindən;
  • Aviadaşımaların satışı məntəqəsində.

5.6 Əl yükü bir yer tutmalı, hava gəmisinin salonunda Sərnişin oturacağının üstündəki rəfdə, yaxud irəlidəki oturacağın altında yerləşdirilməlidir.

5.7 Aviaşirkətin uçuşlarına qeydiyyat zamanı Sərnişin çəkini müəyyən etmək üçün daşıdığı baqajı təqdim etməlidir. Hər birindən bir ədəd olmaqla, 16.6.3-cü bənddə göstərilən, minmə, düşmə və ya uçuş zamanı Sərnişinə lazım ola biləcək əşyalar istisna təşkil edir.

5.8 Əl yükünün ölçülərinə və çəkisinə görə Aviaşirkət tərəfindən irəli sürülən tələblərə cavab verməyən və ya hava gəmisinin sərnişin salonunda daşınmasına icazə verilməyən əşyalar qeydiyyata alınmış baqaj sayılacaq və onun kimi emal olunacaqdır.

5.9 Qeydiyyata alınmamış baqaj üçün bütün məsuliyyəti Sərnişin daşıyır.

6 Baqajın pulsuz daşınma norması

Ümumi müddəalar

6.1 Aviaşirkət tərəfindən müəyyən edilmiş, daimi qüvvədə olan baqajın pulsuz daşınma normalarına və ya müvəqqəti xarakter daşıyan daşıma normalarına müvafiq olaraq Sərnişin müəyyən miqdarda baqajı əlavə ödəniş etmədən nəql edə bilər. Daşımanın marşrutundan və xidmət sinfindən asılı olaraq, bu miqdar baqaj yerinin çəkisi, ölçüsü və sayının kombinasiyası üzrə (yer konsepsiyası) və ya baqajın çəki xarakteristikaları (çəki konsepsiyası) üzrə müəyyən edilir.

6.2 Əlavə ödəniş etmədən daşınması üçün icazə verilmiş baqajın maksimal miqdarı barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:

  • Aviaşirkətin rəsmi veb səhifəsində;
  • Aviadaşımaların satışı məntəqəsində.

6.3 Aviaşirkətin uçuşlarında baqajın müəyyən edilmiş pulsuz daşınma normasından əlavə, Sərnişin təyyarədə ona lazım ola biləcək, hər birindən bir ədəd olmaqla, aşağıda göstərilən əşyaları götürmək hüququna malikdir:

  • Ölçüləri 30x35x10sm-dən artıq olmayan, şəxsi əşyalar üçün kiçik çanta və ya kamera çantası və portativ kompyuter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
  • Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır).
  • Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
  • Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar;

6.4 Konkret istiqamətdə daşınmasına icazə verilən əl yükünün və əlavə əşyaların ümumi kütləsi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:

  • Aviaşirkətin rəsmi veb səhifəsindən;
  • Aviadaşımaların satışı məntəqəsindən.

6.5 Beynəlxalq və daxili hava xətləri sahələrində və ya əksinə ardıcıl olaraq həyata keçirilən beynəlxalq (transatlantik) daşımalar zamanı Sərnişin daxili hava xətti sahəsində beynəlxalq hava xəttində müvafiq xidmət sinfi üçün müəyyən edilmiş baqajın pulsuz daşınma normasına uyğun baqaj daşımaq hüququna malikdir.

6.6 Daşıma marşrutu və xidmət sinfi Sərnişin tərəfindən könüllü olaraq dəyişdirildiyi təqdirdə, ona yeni daşıma sahəsində müvafiq marşrut və ya xidmət sinfi üçün müəyyən edilmiş norma üzrə baqajın pulsuz daşınması hüququ verilir.

6.7 Daşıma marşrutu və xidmət sinfi məcburi surətdə dəyişdirildiyi təqdirdə, Sərnişin dəyərini əvvəlcə ödədiyi marşrut və xidmət sinfində ona icazə verilmiş miqdarda baqajı pulsuz daşımaq hüququna malikdir.

6.8 Çarter reyslərində baqajın pulsuz daşınma norması çarter daşımasının yerinə yetirilməsi haqqında müqavilə ilə müəyyən edilir.

16.6.9 Hava gəmisinin salonunda baqajın daşınması üçün əlavə oturacağın istifadə olunması zərurəti yarandıqda, bunun üçün ayrıca Sərnişin bileti və ya müvafiq qaydada pullu baqaj bileti rəsmiləşdirilir.

7 Yer konsepsiyası (Piece concept)

7.1 Aviaşirkət qeydiyyata alınan baqajın daşınma normasının yerlərin sayı üzrə hesablanması siyasətini tətbiq edir. Hesab istiqamətdən, xidmət sinfindən və hava gəmisinin tipindən, habelə normadan artıq baqaj üçün götürülən tarifdən asılı olaraq yerlərin sayı üzrə həyata keçirilir.

7.2 Bir yer baqajın üç ölçüsünün cəmi (E x U x H) 158 santimetrdən çəkisi isə 23 kq-dan artıq olmamalıdır. Baqajın bir yerinin ölçüsü və ya çəkisi normadan artıq olduqda, bunun üçün əlavə haqq alınır.

16.7.3 Baqajın çəkisinin normadan artıq olmasına görə əlavə haqq həm icazə verilən norma həddində (1-2 yer), həm də əlavə baqaj yerləri üçün alınır.

16.7.4 Çəkisi 32 kq-dan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşınmaya qəbul olunur. Müstəsna hallarda, çəkisi 32 kq-dan artıq olan baqajın alternativ üsulla daşınması mümkün olmadıqda, həmin baqajın normadan artıq hər 23 kq-ı üçün 100 avro ödənilməsi şərtilə daşınmasına icazə verilir.

16.7.5 2 yaşından 12 yaşınadək uşaqlar üçün baqajın daşıma norması böyük Sərnişinlərin daşıma normasına bərabərləşdirilir.

16.7.6 Bir yerlik yüngül qatlanan uşaq arabaları (uşaqla səyahət zamanı) və bütün növ əlil arabaları qəti surətdə baqaj bölməsində daşınır və müəyyən edilmiş pulsuz baqaj normasından əlavə qəbul edilir.

16.8 Çəki konsepsiyası (Weight concept)

Aviaşirkət rəhbərliyin yazılı sərəncamına əsasən Aviaşirkətin bəzi reyslərində baqajın daşınması zamanı çəki konsepsiyası tətbiq olunur. Hesablama Sərnişin baqajının çəkisi nəzərə alınmaqla aparılır.

16.8.1 Müvəqqəti xarakter daşıyan daşıma normaları

16.8.1.1 Aviaşirkət kommersiya maraqlarını və ya Aviaşirkətlə digər Daşıyıcılar arasında bağlanmış müqavilələri nəzərə alaraq baqajın pulsuz daşınma normasını dəyişdirmək hüququna malikdir. Müvəqqəti qüvvədə olan normalar Aviaşirkətin yazılı sərəncamları və ya əmrləri ilə qüvvəyə minir və ləğv edilir.

16.9 İdman ləvazimatlarının daşınması 

16.9.1 Bütün  idman avadanlığı və ləvazimat baqajın pulsuz daşınma normasına daxil edilir və normadan (habelə ölçüsü və çəkisi) artıq olduğu təqdirdə, ödənişli baqaj qaydalarına əsasən əlavə haqq alınır.

16.9.2 İdman ləvazimatının (tennis avadanlığı və bədii gimnastika üçün xüsusi dəst istisna olmaqla) hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağan edilir və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınır.

16.9.3 Velosiped (biryerlik, mühərriksiz) daşınmaya hissələrə ayrılmış halda (ön təkər çıxarılır, sükan təkərə nisbətən 90 dərəcə çevrilir, pedallar çıxarılır), örtükdə və ya sərt bağlamada (qutuda) qəbul olunur.

16.9.4 İdman ləvazimatının daşınması üçün əvvəlcədən müraciət edilməli və yer təxsis edilməlidir.

16.10 Baqajın dəyərinin elan edilməsi 

16.10.1 Sərnişin qeydiyyata alınmış baqajının dəyərini elan etmək hüququna malikdir.

16.10.2 Baqajın dəyərinin elan edilməsinə görə Aviaşirkət tərəfindən müəyyən edilmiş yığım alınır. Elan edilmiş qiymət baqajın həqiqi dəyərindən artıq ola bilməz.

16.10.3 Qeydiyyata alınmış baqajın dəyəri hər yer üçün ayrıca göstərilə bilər. Qeydiyyata alınmış baqajın dəyərinin elan edilməsinə görə yığım dəyərin elan edildiyi məntəqədə ödənilir və pullu baqaj qəbzi ilə təsdiq olunur. Sərnişin daşıma üçün təhvil verilən baqajın dəyərini elan etdiyi zaman Aviaşirkət baqajın yoxlama üçün təqdim edilməsini Sərnişindən tələb etmək və elan edilmiş dəyərlə baqajın içindəkilər açıq-aşkar uyğun gəlmədiyi təqdirdə, onun həqiqi dəyərini müəyyən etmək hüququna malikdir. Baqajın dəyəri ilə əlaqədar Aviaşirkətlə Sərnişin arasında fikir ayrılığı yarandığı təqdirdə, Sərnişin dəyəri elan edilmiş qeydiyyatdan keçmiş baqajın dəyərini təsdiq edən sənədləri (hesab, qiymət cədvəli, çek və ya digər sənəd) təqdim etməlidir. Elan edilmiş dəyəri təsdiq edən sənəd olmadığı təqdirdə, Aviaşirkət Sərnişinin göstərdiyi məbləğdə dəyəri elan edilmiş baqajın daşınmasından imtina etmək hüququna malikdir.

16.10.4 Dəyəri elan edilmiş baqaj qismində qəbul olunan bütün əşyalar nöqsansız, bərk qablamada olmalıdır. Qiymətli baqajın kütləsi və ölçüləri müəyyən edilmiş normaları aşmamalıdır. Əgər Aviaşirkət dəyəri göstərilən qeydiyyata alınmış baqajın qablamasının bu Qaydaların tələblərinə uyğun olmadığını hesab edirsə, yaxud baqajın daşınması zamanı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunursa, onun daşınmasından imtina edə bilər.

16.11 Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları 

16.11.1 Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:

  • idman ləvazimatı, bu Qaydaların 16.8 bölməsində göstərilənlərdən başqa; - üç ölçü cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;
  • audio- və videotexnika;
  • televizorlar, soyuducular;
  • qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj;
  • diri heyvanlar;
  • silah və döyüş sursatları;

16.11.2 16.11.1. bəndində göstərilən xüsusi baqajın daşınması Aviaşirkətlə razılaşdırılmalı və Sərnişinin apardığı digər baqajın çəkisindən asılı olmayaraq, müəyyən edilmiş tarif üzrə ödənilməlidir.

16.11.3 Velosiped (biryerlik, mühərriksiz) daşınmaya hissələrə ayrılmış halda (ön təkər çıxarılır, sükan təkərə nisbətən 90 dərəcə çevrilir, pedallar çıxarılır), örtükdə və ya sərt bağlamada (qutuda) qəbul olunur.

16.11.4 Diri heyvanlar və musiqi alətləri istisna olmaqla, qeyri-standart baqaj hava gəmisinin yalnız baqaj bölməsində daşınır.

16.11.5 Diri heyvanlar daşınmaya bu Qaydaların 17-ci bölməsinə müvafiq olaraq qəbul olunur.

16.12 Ödənişli (normadan artıq) baqaj 

16.12.1 Sərnişin və ya Sərnişinlər qrupu əvvəlcədən (reysdə yerləri təxsis edərkən, yaxud bilet aldıqları zaman) Aviaşirkəti normadan artıq baqaj barədə məlumatlandıra və onun daşınması haqqını ödəyə bilər. Belə ödəniş barədə məlumatı Aviaşirkət (onun Agenti) təqdim etməlidir.

16.12.2 Sərnişin Aviaşirkət tərəfindən müəyyən edilmiş pulsuz baqaj daşımasının maksimum normasından artıq olan baqajın bütün təyinat məntəqələrinə və ya yolda dayanma (transfer) məntəqələrinə daşınmasını ödənişli baqaj qəbzinin verildiyi gün qüvvədə olan tariflə ödəməlidir.

16.12.3 Çəki konsepsiyası tətbiq olunarkən, baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları istisna olmaqla (bu Qaydaların 16.11 bəndi), ümumi baqaj kütləsinin müəyyən edilmiş normasından artıq olan çəkiyə görə ödəniş aparılır.

16.12.4 Yer konsepsiyası tətbiq olunarkən, baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları istisna olmaqla (bu Qaydaların 16.11 bəndi), yerlərin sayına, hər bir yerin ölçüsü və kütləsinə görə (yerlərin kütləsi cəmlənmir) müəyyən edilmiş normadan artıq baqaja görə ödəniş aparılır.

16.12.5 Yola düşmə məntəqəsində Sərnişin təxsis etdiyindən və dəyərini ödədiyindən az miqdarda baqaj təqdim etdikdə, yazılı surətdə Aviaşirkətə müraciət etdikdən və faktiki daşınan baqajı təsdiq edən sənədləri təqdim etdikdən sonra, ödənilməli məbləğdən artıq olan məbləğ Sərnişinə qaytarılır.

16.12.6 Yola düşmə məntəqəsində Sərnişin təxsis etdiyindən və dəyərini ödədiyindən çox miqdarda baqaj təqdim etdikdə, müvafiq əlavə ödəniş aparıldıqdan sonra baqaj daşınmaya qəbul olunur.

16.12.7 Hava gəmisinin kommersiya yüklənməsi normadan artıq olduqda və ya boş tonnaj olmadıqda, Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar edərək baqajı özünün növbəti reysi ilə və ya digər daşıyıcının reysi ilə göndərmək hüququna malikdir.

16.12.8 Dayanma və ya transfer məntəqəsində baqajın kütləsi artarsa, Sərnişin əlavə baqaj üçün ödəniş həyata keçirməlidir.

16.12.9 Baqaj qabaqcadan bronlaşdırılmadığı halda aviaşirkət müəyyən edilmiş normadan artıq baqajın daşınma üçün qəbulunu məhdudlaşdırmaq və ya sərnişinə baqajın daşınmasından imtina etmək hüququna malikdir.

16.13 Birgə baqaj 

16.13.1 Eyni reyslə qrup şəklində eyni təyinat məntəqəsinə uçan iki və daha artıq Sərnişinə qeydiyyat zamanı rəsmiləşdirmək üçün baqajı birgə təqdim etməyə icazə verilmir və hər Sərnişin üçün baqajın pulsuz daşınma normalarının cəminə ekvivalent olan ümumi baqaj normasının tətbiq edilməsinə yol verilmir. Baqajın pulsuz daşınma norması hər sərnişinə fərdi şamil olunur.

16.14 Xüsusi daşıma şəraiti tələb edən baqajın daşınması 

16.14.1 Xüsusi daşınma şəraiti tələb edən baqaj (məsələn, qiymətli əşyalar; kövrək, tezsınan əşyalar) aşağıdakı şərtlər yerinə yetirildikdən sonra hava gəmisinin salonunda daşınmaq üçün qəbul oluna bilər:

  • bunun üçün sərnişin Aviaşirkətin icazəsini almalıdır;
  • baqaj aviasiya təhlükəsizliyinə görə yoxlamadan keçməlidir.

16.14.2 Əgər baqaj iriölçülü və kövrəkdirsə (musiqi aləti) Sərnişin əlavə oturacaq yeri üçün ödəniş etməlidir (normadan artıq baqajın nəqli üçün ödəniş götürülmür). Belə baqajın çəkisi 75 kq-dan, ölçüləri isə oturacaq yerinin ölçülərindən artıq olmamalıdır.

16.14.3 Xüsusi daşıma şəraiti tələb edən və hava gəmisinin sərnişin salonunda daşınan baqaj qeydiyyata alınmalı və ona oturacaq talonu verilməlidir. Onun bütövlüyünə və saxlanılmasına görə məsuliyyəti Sərnişin daşıyır.

16.14.4 Hava gəmisinin sərnişin salonunda daşınan baqaj elə qablaşdırılmalıdır ki, daşınan zaman hava gəmisinin salonunu zədələməsin.

16.15 Silahın və döyüş sursatının daşınması 

16.15.1 Aviaşirkətin hava gəmilərində istənilən silahın və onun döyüş sursatlarının daşınması qadağandır. Aşağıdakılar istisna təşkil edir:

  • ordu nümunəli yivli odlu silah və onun döyüş sursatları;
  • xüsusi sifarişlə hazırlanmış odlu silah və onun döyüş sursatları;
  • saxtalaşdırılmış, təlim üçün nəzərdə tutulan;
  • qeyri-müasir atıcı silah;
  • idman, ovçu yivli, kombinə edilmiş və yivsiz lüləli silah və onun döyüş sursatları;
  • pnevmatik silah və onun döyüş sursatları;
  • soyuq və soyuq atıcı silah (xəncərlər, qılınclar, süngülər, toppuzlar, gürzlər, ov və fin bıçaqları, süngü-bıçaqlar, arbaletlər);
  • butafor silahı;
  • qaz tapançaları və tapançalar.

16.15.2 Qaz silahı üçün güllələr, partlayıcı və alovlandırıcı barıt güllələri Aviaşirkətin hava gəmilərində daşınmaya qəbul olunmur.

16.15.3 Daşınmasına icazə verilmiş silah və onun döyüş sursatı yalnız səlahiyyətli orqanların xüsusi icazəsi ilə təsdiq edilmiş sahiblik, idxal və ixrac hüququ olan fiziki şəxslərdən - Aviaşirkətin Sərnişinlərindən qəbul olunur. Hüquqi şəxslərin silahının və döyüş sursatının daşınması qaydası Aviaşirkətin "Yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları" ilə müəyyən edilir.

16.15.4 Daşınmasına icazə verilmiş silah və döyüş sursatı qeydiyyata alınmış baqajda Aviaşirkətin yalnız birbaşa (tranzit) reyslərində Aviaşirkətin nümayəndələri olan aeroportlara/aeroportlardan Aviaşirkətin müəyyən etdiyi prosedurlara müvafiq olaraq daşınır. Mühafizə və polis funksiyalarını yerinə yetirən səlahiyyətli şəxslərin odlu silahı və döyüş sursatları, onlar öz xidməti vəzifələrini yerinə yetirərkən, Aviaşirkətin birbaşa, tranzit və transfer reyslərində bu Qaydaların 16.15.8. bəndinə müvafiq olaraq daşınır.

16.15.5 Daşıma zamanı silah və döyüş sursatı Sərnişindən alınır və hava gəmisinin baqaj bölməsində nəql edilir. Xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsləri istisna təşkil edir.

16.15.6 Sərnişinlərə hava gəmisinin sərnişin salonuna hər hansı silahı, döyüş sursatını, hətta ona oxşar düzəldilən hədiyyə və uşaq oyuncaqlarını gətirmək qəti qadağandır.

16.15.7 Hava gəmisinin sərnişin salonunda silahın aparılmasına yalnız qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bütün zəruri sənədlər olduqda, xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının səlahiyyətli əməkdaşlarına icazə verilir.

16.15.8 Silah daşınmaya yalnız boşaldılmış şəkildə, döyüş sursatından ayrı olmaqla qəbul olunur.

16.15.9 Müsadirə olunmuş soyuq silah, qısalüləli odlu silah və döyüş sursatı xüsusi bağlamada dəmir konteynerlərdə hava gəmisinin baqaj bölməsində daşınır. Konteynerin açarı uçuş yerinə yetirilərkən və tranzit hava limanında dayanacaq zamanı hava gəmisinin ekipajında olur.

16.15.10 Müsadirə edilmiş, uzunluğu 80 sm-dən artıq olan sökülməyən silah hava gəmisinin baqaj bölməsində, silahın sahibləri tərəfindən verilmiş və etibarlı qıfıllarla təchiz edilmiş penallarda, xüsusi konteynerlərdə, qutularda və s. daşınır.

16.15.11 Müsadirə edilmiş silahın hava gəmisinin pilot kabinəsində və ya sərnişin salonunda daşınması və hava gəmisinin bortunda və ya hava limanı perronunda Sərnişinə qaytarılması qəti qadağandır.

16.15.12 Sərnişin daşınmasına icazə verilmiş silah üçün 5 kq-dan çox olmayan (brutto-çəki) döyüş sursatı apara bilər.

16.15.13 Bir neçə Sərnişin üçün döyüş sursatının daşınma normasının birləşdirilməsinə icazə verilmir.

16.15.14 Bir neçə Sərnişin tərəfindən daşınan döyüş sursatını bir və ya bir neçə baqaj yerində birləşdirmək olmaz.

16.15.15 Daşınmaya qəbul olunmuş silah və /və ya döyüş sursatı təyinat məntəqəsində müəyyən edilmiş yerdə hava limanının aviasiya təhlükəsizliyi işçiləri (Security) tərəfindən Aviaşirkətin nümayəndəsinin iştirakı ilə verilir.

16.16 Daşınmaya məhdud miqdarda qəbul olunan əşyalar və maddələr 

16.16.1 Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətin razılığı ilə baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:

  • Daşınma zamanı tezkorlanan məhsulların soyudulması üçün üstündə "Quru buz" və ya "Bərk karbon dioksidi" nişanı olan, ayrılan qazı buraxmağa imkan verən bağlamada 2 kq-dan çox olmamaq şərtilə quru buz (qeydiyyata alınmış baqajda);
  • Tibbi məqsədlərlə şəxsi istifadə üçün içində qaz halında oksigen, yaxud hava olan kiçik balonlar;
  • partlayan və yandırıcı güllələr istisna olmaqla, qutularda etibarlı şəkildə qablaşdırılmış, bu Qaydaların 16.15.13. bəndində müəyyən edilmiş miqdarda döyüş sursatı (qeydiyyata alınmış baqajda);
  • xəstələrin daşınması üçün kreslo-araba və ya şəxsi istifadə üçün nəzərdə tutulmuş, axıdılmayan batareya (batareyanın sıxaclarının qısa qapanmadan etibarlı mühafizə edilməsi və batareyanın kreslo-arabaya, yaxud hərəkətli vasitəyə bərkidilməsi şərtilə), ya da tərkibində maye batareyalarla təchiz edilmiş, akkumulyator batareyası ilə hərəkətə gətirilən vasitələr (qeydiyyata alınmış baqajda);
  • dövlət hava bürosunun və ya analoji rəsmi orqanın nümayəndəsinin apardığı civə barometri və ya termometr (qeydiyyata alınmış baqajda);
  • özüdoldurulan xilasedici jiletə birləşdirilmiş, tərkibində alovlanmayan karbon qazı olan qaz balonu, bir sərnişin üçün iki kiçik balon və onlar üçün iki ehtiyat doldurucu (qeydiyyata alınmış baqajda);
  • istilik hasil edən məmulatlar, məsələn, şəxsi istifadə üçün sualtı lampalar və qaynaq avadanlığı (qeydiyyata alınmış baqajda );

16.16.2  Aviasiya Şirkəti bütün uçuşlarında litium batareyalarla təchiz edilmiş elektron skuterlərin, seqveylərin əl yükü, qeydiyyatdan keçmiş baqaj və ya yük qismində daşınması qadağandır.

16.16.3 Litium ion batareyaların baqajda daşınması zamanı aşağıdakı qaydaya riayət olunmalıdır:

Watt/saat göstəricisi
(Wh) və ya  (Li tutumu)

Yerləşməsi

Əl yükündə

Qeydiyyatdan keçmiş baqajda

Aviaşirkətin razılığı:

≤ 100 Wh (2G)

Avadanlığın tərkibində

Icazə verilir

Icazə verilir

olmaya bilər

Avadanlıqdan ayrı

Icazə verilir

İcazə verilmir

> 100 to ≤ 160 Wh

Avadanlığın tərkibində

Icazə verilir

Icazə verilir

olmalıdır

Avadanlıqdan ayrı

Icazə verilir (maksimum 2 (iki) ədəd)

İcazə verilmir

> 160 Wh

İCAO qaydalarına əsasən yük qismində daşınmalıdır

16.16.4 Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətlə razılaşdırılmadan, baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:

  • istehsal qablaşdırmasının bir vahidinin maksimal həcminin 5 litrdən çox olmaması şərtilə, bir Sərnişinə 5 litrdən çox olmamaqla 70 dərəcəyədək alkoqollu içki (qeydiyyata alınmış baqajda);
  • qeyri-radioaktiv dərman vasitələri və ya tualet ləvazimatı (saç üçün lak, odekolon, ətir, tərkibində spirt olan dərmanlar). Hər Sərnişin tərəfindən aparılan belə məmulatların ümumi netto çəkisi 2 kq/l-dan, hər bir ayrıca məmulatın netto-kütləsi isə 0.5 kq/l-dan artıq olmamalıdır (qeydiyyata alınmış baqajda);
  • şəxsi istifadə üçün nəzərdə tutulmuş, qızan elementinin örtüsü təhlükəsiz və etibarlı olan, ehtiyat balonu olmayan, saçları burmaq üçün karbohidrogen tərkibli vasitə. Bir Sərnişin yalnız bir belə vasitə apara bilər ( qeydiyyata alınmış baqajda);
  • şəxsi istifadə üçün kibrit və ya ehtiyat bloku olmayan, maye qazla işləməyən alışqan (qeydiyyata alınmış baqajda );
  • süni ətrafları hərəkətə gətirmək üçün karbon qazı tərkibli səyyar balonlar, habelə daşınma zamanı zəruri ehtiyatları təmin etmək üçün ehtiyat səyyar balonlar ( qeydiyyata alınmış baqajda);
  • ürək əzələlərinin radioizotop stimulyatoru, yaxud litium batareyalarından qidalanan, insanın bədəninə implantasiya edilmiş digər vasitələr, yaxud müalicənin nəticəsi kimi insan bədənində olan radioaktiv farmasevtik preparatlar;
  • şəxsi istifadə üçün nəzərdə tutulmuş etibarlı qablamada kiçik tibbi civə termometri, bir Sərnişinə bir ədəd olmaqla

16.17 Təhlükəli deşici, kəsici əşyaların daşınması 

16.17.1 Aviasiya təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün uçuşların təhlükəsizliyinə xələl gətirə biləcək bütün əşyaların Sərnişinlərin qeydiyyata alınmamış baqajı kimi hava gəmilərinin sərnişin salonunda daşınması qadağandır.

16.17.2 Təhlükəli deşici və kəsici əşyaları, metal çəngəl-bıçağı, iş alətlərini, o cümlədən toxuma millərini, idman ləvazimatını, şprisləri, o cümlədən birdəfəlik şprisləri (uçuş zamanı inyeksiya tələb edilən sərnişinlər müvafiq tibbi arayış təqdim etməlidirlər), manikür ləvazimatını, silahı real imitasiya edən əşyaları, adətən Sərnişinlər tərəfindən daşınmayan digər əşyaları (velosiped zəncirləri, dəyənəklər və s.) əl yükünə daxil etmək qadağandır.

16.17.3 Bədənə xəsarət yetirə biləcək bütün deşici, kəsici və ucu küt əşyalar qablanmalı və baqaja qoyulmalı, qeydiyyatdan keçdikdən sonra Sərnişindən ayrı olaraq hava gəmisinin baqaj bölməsində daşınmalıdır (qeydiyyata alınmış baqaj).

16.17.4 Sərnişinə şəxsi baxış keçirilərkən və əl yükü yoxlanılarkən tapılan bütün deşici və kəsici, habelə ona oxşar əşyalar təhlükəsizlik baxımından götürülür. Əgər belə əşyalar qeydiyyata alınmış baqaj kimi rəsmiləşdirilməmişdirsə, onların itməsi və ya zədələnməsi ilə əlaqədar Sərnişinə dəyən zərərə görə Aviaşirkət məsuliyyət daşımır və əvəzini ödəmir.

16.18 Ölkədən kənara çıxışına icazə verilməyən sərnişinlərin və hava gəmisinə minmək üçün gəlməyən sərnişinlərin baqajı

16.18.1 Qeydiyyatdan keçən və ölkədən çıxışına icazə verilməyən, yaxud təyyarəyə minmək üçün gəlməyən Sərnişinlərin baqajı mütləq təyyarədən çıxarılmalıdır.

16.19 Baqajın emalı, çatdırılması və götürülməsi 

16.19.1 Təyinat məntəqəsində və ya dayanacaq yerində baqajın götürülməsinə görə məsuliyyəti Sərnişin özü daşıyır. Sərnişin təyinat, transfer məntəqəsinə gəldikdən və ya yolda dayandıqdan sonra yol verilən vaxt ərzində baqajını götürmədiyi halda, Aviaşirkət baqajın saxlanılması haqqını Sərnişindən almaq hüququna malikdir.

16.19.2 Sərnişin tərəfindən götürülməyən baqaj saxlanmaq üçün aeroportun müvafiq xidmətlərinə verilir. Belə baqajın saxlanılması müddəti 6 aydır, bu müddətdən sonra o müəyyən edilmiş qaydada realizə olunur.

16.19.3 Baqajı baqaj qəbzinin (baqaj birkasının) sahibi ala bilər. Aviaşirkət baqaj qəbzinin və baqaj birkasının qoparma talonunun sahibinin baqajı götürmək hüququna malik olub-olmadığını yoxlamaq və müəyyən etmək öhdəliyi daşımır. Belə yoxlamadan imtina edilməsindən irəli gələn və ya onunla əlaqədar olan itkilərə görə Aviaşirkət məsuliyyət daşımır.

16.19.4 Baqajı götürmək istəyən şəxsdə baqaj qəbzi və baqaj birkasının qoparma talonu olmadığı halda, həmin şəxs baqajı götürmək hüququ olduğunu sübut edən kifayət qədər inandırıcı dəlillər gətirdikdə və belə baqajın verilməsi ilə əlaqədar Aviaşirkətin çəkə biləcəyi xərcləri və itkiləri ödəyəcəyinə yazılı zəmanət verdikdə belə baqaj ona təhvil verilə bilər.

 16.19.5 Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınma zamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadan baqaj təhvil verildiyi hallarda, nöqsan aşkar edildikdən dərhal sonra, Sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl, baqajın daşınması zamanı nöqsanların mövcud olması (PIR) haqqında akt tərtib edilir və bu akt Sərnişin və Aviaşirkətin nümayəndəsi tərəfindən imzalanır. Baqajın daşınması zamanı nöqsanların olması haqqında aktın tərtib olunmaması baqaj daşınması zamanı nöqsanlar haqqında Sərnişinin iddiasının qəbul olunmasından Aviaşirkətin imtina etməsi üçün səbəb ola bilməz.

16.20 Sərnişin tərəfindən götürülməyən, unudulmuş və ya səhv göndərilmiş baqaj 

16.20.1 Daşınması müvafiq baqaj tarifi ilə ödənilmiş , sərnişin tərəfindən götürülməyən, unudulan və ya səhv göndərilən baqaj əlavə ödəniş həyata keçirilmədən təyinat məntəqəsinə, dayanacaq yerinə və ya transfer məntəqəsinə göndərilir.

Yaklaşan etkinlikleri duyurun

Büyük bir indiriminiz mi var? Sizi ziyaret eden ünlü biri veya önemli farklı bir etkinlik mi var? Bunları mutlaka herkesin öğreneceği şekilde duyurun.

Sizinle ilgili görüş ve referansları paylaşın

Müşterileriniz sizi sosyal medyada övüyor mu? Potansiyel müşterileri sadık müşterilere dönüştürmek için müşterilerinizin harika deneyimlerini paylaşın.

Güncel olarak sunduğunuz fırsatları duyurun

Bir tatil indirimi veya haftalık özel bir indirim mi sunuyorsunuz? Müşterilerinizi bu muhteşem fırsatla heyecanlandırmak için burada duyurun.

Önemli haberleri paylaşın

Yeni bir yer mi açtınız; mağazanızı yeniden mi tasarladınız veya yeni bir ürün ya da hizmet mi eklediniz? Bu haberi kendinize saklamayın; paylaşın, duymayan kalmasın.

SSS’leri görüntüleyin

Müşterilerin soruları varsa, bizim de yanıtlarınız var. En sık sorulan soruları ekleyin; böylece herkes kazançlı olsun.

Telif Hakkı © 2024 flymood.az - Tüm Hakları Saklıdır.

GoDaddy Destekli

  • Ana Sayfa